Yaşadığımız müddətdə bir çox rənglə qarşılaşmışıq, hətta hal-hazırda belə gündəmə gələn yeni rəng tonları və heç eşitmədiyimiz adlar ilə qarşılaşırıq. Ümumiyyətlə isə hər birimizin ən çox sevdiyi rəng vardır, əslində isə biz də bilmədən sevdiyimiz rənglə öz psixologiyamızdan xəbər veririk. Bu nüansları diqqətə alan markalar öz iş proseslərində bunu nəzərə alaraq tətbiq edirlər. Biz bir çox hallarda istifadə etdiyimiz sosial şəbəkə və ya hər hansı bir markanın logolarına diqqət etsək də, onların rənginin nə səbəbə məhz bu seçim olduğunu bəlkə də heç düşünməmişik, əslində isə hər bir marka öz brendini yaradarkən rəng seçiminə diqqət edir. Markalar hədəflərinə çatmaq və yaratmaq istədikləri emosional reaksiyanı əldə etmək üçün rəng psixologiyasından kömək alırlar. Gəlin markaların istifadə etdiyi bu kiçik hiyləyə daha ətraflı nəzər yetirək.
Belə ki, ilk öncə narıncı rəngdən danışsaq, deyə bilərik ki, bu rəng yaradıcılıq, macəra, coşğu, həmçinin optimist və xoşbəxt bir xarakter təsiri bağışlayır. Elə buna görə də, Fanta markasının narıncı rəngdən istifadə etməsi və gənclərin daha çox yönəldiyi sektorlara dəstək verməsi təsadüfi deyil. Narıncı rəng həm də insanları bir şeyi almağa, satmağa sövq etdiyindən şirkətlər bu rəngə müraciət edirlər. Hermes Paris, Fanta, İNG Bank və SoundCloud kimi markalar da narıncı rəngin bu xüsusiyyətindən faydalanırlar.
Daha sonra isə yaşıl rəngə nəzər yetirə bilərik ki, bu rəng mağaza dizaynlarında müştəriləri rahatlaşdırmaq və ətraf mühitə uyğun bir iş qavrayışı yaratmaq üçün istifadə edilir. Sağlamlıq, dinclik və təbiətlə əlaqəli olan bu rəngə Starbucks şirkətinin logosunda rast gələ bilərik. Starbucksın marka rəngi olaraq yaşılı seçməsinə səbəb isə kafelərinə gələn insanların özlərini dinc hiss edərək bir qəhvə fasiləsinə çıxmalarına təşviq etmə istəyidir. Starbucksla yanaşı Spotify, TEB, Android, BP kimi şirkətlərin də loqosuna diqqət etsək yaşıl rənglə qarşılaşa bilərik.
Diqqəti cəlb etmək üçün markalar ən çox qırmızı rəngdən istifadə edirlər. Enerji, dinamika, güc və arzunun rəngi olan qırmızı, şüuraltını ən çox oyandıran, həmçinin iştahaçan təsir göstərir. Məhz bu səbəbdən fast food şirkətlərindən olan Mc Donalds da bu rəngə üstünlük verir. Qırmızı rəngin mənası həyəcan, təhlükə, enerji və hərəkətlə əlaqələndirilir. Rəng psixologiyasında qırmızı ən sıx rəngdir, belə ki, Coca Cola, Youtube şirkətləri də qırmızı rəngin bu xüsusiyyətlərindən öz logolarında istifadə edirlər.
Güvən təsiri bağışlayan mavi rəng marketinq dünyasında Honda və American Express şirkətləri kimi bir çox şirkərlər tərəfindən istifadə edilmiş bir rəngdir. Honda-nın mavi rəng seçməsinin səbəbi isə məhz pərdə arxasında etibarlılıq və güvən hissini aşılamaq istəyidir. Qırmızı rəngin əksinə, mavi, yemək istəyini əngəlləyən bir rəng olduğundan, yemək firmaları mavi rəngə o qədər də üstünlük vermirlər. Həmçinin təmizlik rəngi olduğundan, təmizlik vasitələri istehsal edən Pril markası da bu rəngin üstünlüyünən yararlanır.
Ağ rəng psixologiyada yaxşılığı, təmizliyi və təvazökarlığı təmsil edir. ASOS, Puma və Adidas kimi markalar da marketinqlərində ağ rəngə üstünlük verməsinin səbəbi budur. Bir çox satış sahələrində ağ rənglə ziddiyyət əmələ gətirəcək şəkildə diqqət çəkən dizaynlar verilir. Ağ rəng həmçinin xilasedici xüsusiyyətə də malikdir. Dünyanın nəhəng şirkətlərindən olan Apple da öz reklam kommunikasiyalarında ağ rəngə üstünlük verir.
Ümid edirik ki, sizə artıq markanızı quran zaman hansı rəngdən istifadə etməli olduğunuz haqda müəyyən fikir formalaşmasında yardımçı ola bilmişik. <3